Azərbaycanda Sərbəst Toplaşmaq Azadlığının Vəziyyəti ilə bağlı Araşdırma Sənədi

Sərbəst toplaşmaq azadlığı fundamental insan hüquqlarından biridir. 

Toplantılar cəmiyyətdəki siyasi, sosial və iqtisadi bir sıra problemləri işıqlandırır, bu problemlərdən birbaşa zərər çəkməyənləri də mövzu barədə məlumatlandırıraq etirazçıların əhatə və bilavasitə təsir dairəsini genişləndirir.

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) araşdırma qrupu 2016-cı ilin sentyabr ayının 1-dən 2019-cu ilin may ayının 1-nə kimi Azərbaycanda sərbəst toplaşmaq azadlığına edilmiş müdaxilərlə əlaqəli pozuntu faktlarını toplayaraq onların müqayisəli təhlilinə dair araşdırma sənədi hazırlayıb.

Araşdırmada qeyd edilmiş müddət ərzində baş verən toplantılar barədə "Report.az”, "Amerikanın Səsi”, "Azadlıq.org” və "Turan.az” saytlarındakı yayılan xəbərlərə, "Meydan TV”-nin youtube səhifəsindəki video görüntülər və səlahiyyətli qurumlara və partiyalara göndərilən sorğulara alınmış cavablara istinad edilir.

Araşdırmanın aparılması üçün əvvəlcədən yerli və beynəlxalq qanunvericilik, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarları araşdırılıb, sərbəst toplaşmaq azadlığına edilə biləcək müdaxilələr və müdaxilə üçün əsaslar da müəyyən edilib. 

Monitorinq nəticəsində müəyyən edilmiş zaman kəsiyində sərbəst toplaşmaq hüququndan faydalanmaq istəyən müxtəlif qruplara, eləcə də jurnalistlərə edilmiş qanunsuz müdaxilələr qeydə alınıb. 

Araşdırma nəticəsində ən çox siyasi məzmunlu tələblərlə toplaşan və toplaşmaq istəyən şəxslərə müdaxilə edildiyi müəyyən edilib. Hesabatda insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumların Azərbaycandakı vəziyyət barədə dəyərləndirməsi də yer alır. 

Sənəd sərbəst toplaşmaq azadlığına edilmiş qanunsuz müdaxilələrin qarşısını almaq üçün və qanunvericilikdəki boşluqları aradan qaldırmaq üçün tövsiyələri də özündə əks etdirir.

Təqdim edilən araşdırma 2014-cü ildən etibarən bu sahədə edilmiş ən geniş hesabat olmaqla və mövcud durumu əhatə etməklə böyük əhəmiyyət kəsb edir.