Azərbaycanda Girov Qətimkan Tədbirinin Tətbiqinə dair Hesabat

Demokratik Təşəbbüslər İnstitutu (IDI) “Azərbaycanda Girov Qətimkan Tədbirin Vəziyyətinə dair” Hesabat hazırlayıb. 

Girov qətimkan tədbiri həm azadlıq və toxunulmazlıq hüququnun daha yaxşı təminatına, həm də cinayət mühakimə icraatının humanistləşməsinə tövhə verir. Bu qədər mühüm olmasına baxmayaraq girov qətimkan tədbirinin ilə bağlı ətraflı araşdırma yoxdur. Bu hesabatı hazırlamaqda məqsədimiz də girov qətimkan tədbirini tənzimləyən qanunvericiliyi, həmin qanunvericiliyin praktikadakı tətbiqini qiymətləndirmək və girov qətimkan tədbirinin əhatə dairəsini genişləndirmək üçün tövsiyələr verməkdir.

Yerli qanunvericiliyin ən böyük məhdudiyyətlərindən biri girovun sadəcə Cinayət-Prosessual Məcəllə ilə tənzimlənməsidir.  Halbuki, bu qətimkan tədbirinin mexanizminin təkmilləşdirilməsi və təşviqi üçün daha geniş normativ bazaya ehtiyac var. Digər mühüm problem isə girovun məbləği ilə bağlıdır. Girovun məbləği ilə əmək haqqı arasında isə aşkar uyğunsuzluğun olduğu görünür. Belə ki, 2022-ci ilin yanvar ayında Azərbaycanda minimum əmək haqqı 300 manat, orta aylıq nominal əmək haqqı isə 765,9 olub. Qanunvericilikdə girovun minimum məbləği isə böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — beş min manat, az ağır və ya ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və yaxud ehtiyatsızlıq üzündən ağır cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — on min manat müəyyənləşdirilib. Onu da qeyd edək ki, Rusiya, Gürcüstan və Ermənistan cinayət-prossesual münasibətləri tənzimləyən qanunvericilikləri arasında aparılmış müqayisəli təhlil onu göstərib ki, Azərbaycan qanunvericiliyində girovun tətbiqi üçün imkan dairəsi daha məhduddur.

Praktikada girovun tətbiq dairəsini öyrənmək üçün iki üsuldan istifadə edilib. Dövlət Statistika Komitəsinə və Bakı şəhərinin 12 rayon məhkəməsinə informasiya sorğusu ilə müraciət edilib, elə cə də 14 vəkil ilə telefon sorğusu həyata keçirilib.

12 rayon məhkəməsinə göndərilən sorğulardan 2-i ümumiyyətlə cavabsız qalıb, 5-i müxtəlif əsaslarla sorğuya cavab verməkdən imtina edib, yalnız 5 məhkəmə informasiya sorğularına cavab verib. Cavabların məzmunu da girov qətimkan tədbirinin tətbiq olunmadığını təsdiqləyir. Belə ki, 3 məhkəmə girov qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət daxil olmadığını, bir məhkəmə materiallara baxılmadığını, bir məhkəmə isə bu barədə hər hansı bir məlumat olmadığını qeyd edib.

Vəkillər arasında keçirilən sorğuda, cinayət işləri üzrə ixtisaslaşmış müxtəlif müddətli peşə fəaliyyəti təcrübəsi olan 45 vəkil seçilmiş və onlardan 14-ü ilə əlaqə qurmaq mümkün olmuşdur.  Bu vəkillərdən 2-i əyalətdə,  12-i isə Bakı şəhərində fəaliyyət göstərir. Sorğumuzda iştirak edən vəkillərdən biri istisna olmaqları digərləri təcrübəsi müddətində girov qətimkan tədbirinin tətbiq olunması ilə bağlı  məhkəmədə vəsatət qaldırmayıb. Sorğumuzda iştirak edən bir vəkil vəsatəti qaldırsa da, vəsatət təmin edilməyib.

Beləliklə apardığımız araşdırma onu göstərir ki, girov qətimkan tədbiri ilə bağlı normalar “ölü norma”ya çevrilib və reallıqda tətbiq olunmur.

Hesabatda Qeyd olunan məsələlər əhatəli şəkildə araşdırılaraq, sonda aidiyyəti qurumlara spesifik tövsiyələr verilmişdir.