Azərbaycanda Nümayəndəlik İnstitutunun Ləğvinin Nəticələrinə dair Araşdırma Sənədi

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Gənc Hüquq Müdafiəçiləri təlimlərindən yetişmiş araşdırma qrupu Azərbaycanda Nümayəndəlik İnstitutunun ləğvinin nəticələri ilə bağlı Araşdırma Sənədi hazırlayıb.

Araşdırma sənədində Azərbaycanda nümayəndəlik institunun tarixi, həmçinin 2017-ci il 31 oktyabr tarixli Qanun və onun nəticələrinə qısa nəzər salınmışdır. Həmin Qanun nümayəndələrin hüquqlarını əhəmiyyətli dərəcədə azaltmış və məhkəmə proseslərində şəxslərin təmsil edilməsini vəkillərin monopoliyasına verilməsi qeyd olunmuşdur.

Qanunvericiliyin dəyişdirilməsi hissəsində nümayəndəliyin ləğvi prosesi, onun nəticələri və məsələ ilə bağlı bir sıra beynəlxalq təşkilatların Azərbaycana dair sənədləri araşdırılmışdır. Belə nəticəyə gəlinmişdir ki, qanun layihəsi ictimai müzakirələrə çıxarılmadan qəbul edilib, bu da layihənin praktiki hüquq fəaliyyətinin müstəqilliyinin, özünütənzimləməsinin və bütövlüyünün artırılmasına yönəlmədiyini, eləcə də beynəlxalq standartlara zidd olduğunu göstərir.

Sənədə əsasən Azərbaycanda nümayəndəlik intitunun ləğv edilməsi əhalinin hüquqi yardıma çatımlılığı ilə bağlı bir sıra ciddi problemlər yaradıb. 

Aztəminatlı şəxslərin effektiv hüquqi yardıma çatımlılıqlarının əhəmiyyətli dərəcədə zəifləməsi, praktiki hüquqi fəaliyyətlə məşğul olan hüquqşünas və qeyri-hüquqşünasların öz fəaliyyətlərindən məhrum edilməsi və ölkədə insan hüquqlarının müdafiəsi ilə məşğul olan müstəqil şəxslərin bundan sonra məhkəmə proseslərindən kənarda qalması bu problemlərdən bəziləridir.

Həmçinin Vəkillər Kollegiyasında say problemi və hüquqi xidmətə çatımlılıq, ölkə əhalisi və Kollegiya üzvlərinin sayı arasında tarazlıq məsələsi insanların hüquqi yardıma çatımlılığı nöqteyi-nəzərindən araşdırılıb. Ölkə əhalisinin sayına nisbətdə vəkillərin sayının çox az olmasının vətəndaşların hüquqi xidmətlərdən istifadəsini əhəmiyyətli dərəcədə çətinləşdirdiyi və nümayəndəliyin ləğvinin regionlarda yaşayan əhalinin hüquqi yardıma çatımlılığına xüsusilə mənfi təsir göstərdiyi qeyd olunub.

Eyni zamanda, Vəkillər Kollegiyasına qəbul imtahanının yazılı və şifahi mərhələlərinin təhlili, imtahanın qeyri-obyektiv cəhətləri və xüsusilə, müsahibə mərhələsinin keçirilmə məqsədləri ilə bağlı fikirlər öz əksini tapır. Müsahibə mərhələsinin "arzuolunmaz" sayılan şəxslərin vəkilliyə qəbulunun qarşısını almaq məqsədi daşıdığı nəticəsinə gəlinir.

Bundan əlavə, Gürcüstanda nümayəndəliyin və vəkilliyin hüquqi vəziyyəti, eləcə də Avropanın keçmiş SSRİ ölkələrindən olan Estoniyada vəkilliyə qəbul proseduru Azərbaycanla müqayisəli şəkildə araşdırılmışdır. 

Gürcüstan Qafqaz regionunda yerləşdiyi, Estoniya isə Avropa Birliyinin post-sovet ölkəsi olduğu üçün müqayisəli araşdırma üçün seçilmişdir.  Müqayisə zamanı məlum olmuşdur ki, Gürcüstan qanunvericilliyi  nümayəndələrə iştirakçılığı daha geniş təsbit olunub. Bundan başqa Gürcüstan və Estoniyada vəkilliyə qəbul prosesi daha şəffafdır.

Araşdırmada  nümayəndəlik fəaliyyətinin bərpası, Kollegiyaya qəbul prosedurunda dəyişikliklər edilməsi, həmçinin dövlət hesabına hüquqi yardımla bağlı qanunun qəbulu və bu yardıma görə vəkillərə ödənilən məbləğlə əlaqədar tövsiyələr verilmişdir.