Növbədənkənar Parlament Seçkiləri 09 Fevral 2020-ci il Media Monitorinqinin İkinci Dövr üçün Nəticələri barədə Hesabat

Kütləvi informasiya vasitələri (KİV), o cümlədən elektron media seçkilərin azad, ədalətli və demokratik keçirilməsində önəmli rol oynayır. Araşdırmalar göstərir ki, insanların informasiya ehtiyacının 94-95%-ni elektron media təmin edir və ya insanlar informasiya ehtiyaclarını qarşılamaq üçün bu vasitələri seçirlər. Bu baxımdan elektron medianın, özəlliklə yayım mediasının beynəlxalq yayım standartlarına ciddi əməl etməsi, qanunvericiliyin müəyyən etdiyi sərhədləri gözləməsi zəruridir.

Öncəki hesabatda da vurğulandığı kimi, növbədənkənar Parlament seçkilərinin təşviqat dönəmində monitorinq və qiymətləndirmənin əsas məqsədi seçicilərin səsvermədən öncəki düşüncələrinin formalaşmasındakı ideoloji-təbliğat faktorlarının nə qədər ciddi rol oynadığını ölçmək, təşviqat dönəmində namizədlərin seçicilər tərəfindən tanınması və doğru seçim edilməsinə medianın qatqılarının nədən ibarət olmasını müəyyən etmək, medianın seçkilərdə tutumunu, davranışlarını, qanunlara əməletmə nisbətini, tərəfsizliyini, ədalətliliyini, qərəzsizliyini, obyektivliliyini cəmiyyətə təqdim etməkdir. Bu, seçkilərin qanunvericilik normalarına, demokratik prinsiplərə və ölkənin götürdüyü öhdəliklərə, habelə qoşulduğu beynəlxalq sənədlərə uyğun olub-olmamasını qiymətləndirməyi asanlaşdıracaq.

Ümumilikdə 60 günlük dövr üçün nəzərdə tutulan monitorinqin iki mərhələsi öncəki hesabatda təqdim edilib. Həmin hesabat seçkiyə start verilən gündən, 16 yanvar 2020-ci ilədək olan dövrü əhatə edib. Növbəti  monitorinq dövrü seçkiqabağı təşviqat dönəminin başlanma tarixi olan 17 yanvar 2020-ci ilədən 6 fevral 2020-ci ilədək olan dövrü əhatə edir.

Monitorinqin metodologiyası öncəki hesabatda əksini tapıb. Monitorinqə 3-ü televiziya olmaqla 9 media daxil edilib. Dövlət yayımı (AZTV), ictimai yayım (İTV) və ən son lisenziya alıb, xəbərləmə üzərində ixtisaslaşdığı iddia edilən “Real TV”, habelə  rəsmi informasiya agentliyi “Azərtac” (www.azertag.az), Milli Məclisin rəsmi orqanı “Azərbaycan” qəzeti və onun rəsmi səhifəsi olan, “Report” İnformasiya Agentliyinin saytı olan www.report.az , “Turan” İnformasiya Agentliyinin saytı olan www.turan.az , “Meydan TV”nin saytı  www.meydan.tv  müxalifətə yaxınlığı ilə seçilən “Azadlıq” qəzetinin internet resursu (www.azadliq.info) monitorinq edilib. Bu resurslarda seçki prosesi ilə əlaqələndirilə biləcək informasiyalar məqalələrin sayına görə qeydə alınıb və informasiyaların mahiyyətinə görə təsnifatlandırılıb. TV kanallarının praym-taym zamanı olan 19:00-23:00 yayım aralığı 4 saat monitorinqə salınıb. Monitorinq edilən 21 gün ərzində “prime-time” vaxt 3 TV üçün (21 gün x 3 tv  x 4 saat ) cəmi 252 saat müddəti əhatə edib. 252 saatlıq “prime-time” vaxtında seçki prosesi ilə əlaqəli olan xəbər, xəbər törəmə, debat, müzakirə, talk-şou, yekun analitik proqramlar qiymətləndirilib. Bu zaman seçkilərdə vətəndaşların səsverməsinə təsir göstərə biləcək informasiyalar, xəbərlər proqramları, xəbər-törəmə proqramları, tok-şoular, debatlar, müzakirə verilişləri, analitik proqramlar və xüsusi buraxılışlar əsas monitorinqin hədəfi olaraq seçilib və monitorinq edilib.

Bütün televiziyalarda 252 saatlıq “prime-time” vaxtında müddətdə 57 saat 07 dəqiqə 05 saniyə seçki prosesi ilə əlaqələndirilən, yaxud seçkilərdə seçicilərə təsir etmək qabiliyyəti olan ictimai-siyasi informasiyalara yer verilib. Bu, bütün “prime-time” vaxtının 18,48%-ini əhatə edir. 21 gün ərzində 3 televiziyanın maarifləndirici xarakterli məlumatları 3,55%, xəbər-təşviqata aid olan informasiya 2.41%, tərəfsiz-balanslı  informasiyalar 1,12% təşkil edib. Televiziyalarda iqtidar və onu dəstəkləyən tərəfin lehinə gedən informasiyalar 94% olmuşdur. İqtidar və onu dəstəkləyən tərəfin əleyhinə təşviqat dönəmində hər hansı informasiyaya yer verilməyib.

Elektron resursların və qəzetlərin monitorinqi 17 yanvar 2020-ci ildən 76 fevral 2020-ci ilədək olan 22 günlük dövrü əhatə edib. Monitorinq zamanı toplam 524 materialın 43,35% xəbər-təşviqat xarakterli, 32,56% iqtidar və onu dəstəkləyən tərəfin lehinə olan, 14,26% tərəfsiz, 4,82%  iqtidar və onu dəstəkləyən tərəflərin əleyhinə olan, 3,08% bilgi-maarifləndirici xarakterdə, 1,93% müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə qiymətləndirilən informasiya olub.

Ümumiyyətlə, monitorinq nəticəsində məlum olur ki, televiziyalar ”Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində yer alan  teleradio fəaliyyətinin əsas prinsiplərini kobud şəkildə pozur. Fəaliyyətində informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik prinsiplərinə əməl etmir, tək tərəfli təbliğatla məşğuldur.

İctimai televiziya ictimai yayımın məqsədindən çox uzaqdır və ictimai yayımçı funksiyasını yerinə yetirmir. Televiziyada gedən məlumatların 73%-i iqtidar və onu dəstəkləyən tərəfin təbliğatı olub. Seçkidə namizədlərlə hər hansı ictimai müzakirə aparılmayıb. “İctimai Televiziya və radio yayımı haqqında” Qanunun 1-ci maddəsində göstərilən yayımının məqsədləri - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etmir, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamır. Vətəndaşların təşviqat dönəmində siyasi partiyaların fəaliyyəti barədə qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnu pozur.  Bütünlüklə dövlət büdcəsindən maliyyələşməsinə baxmayaraq, ödənişli efir üçün çox yüksək siyasi qiymət müəyyən edərək, vətəndaşların seçəcəkləri siyasətçinin tanımalarına şərait yaratmır, namizədlərin debatını, diskusiyasını, ölkənin problemlərinə baxışını nümayiş etdirəcək dəyirmi masalarını, talk-şouları təşkil etmir, informasiyanın tərəfsizliyinin, qərəzsizliyinin və doğru-dürüstlüyünün təmin edilməsi prinsipinə sədaqət nümayiş etdirmir.

Dövlətin təsisçisi olduğu və hər il yüksək miqdarda dövlət büdcəsindən maliyyə ayırdığı Az TV də İTV-də olduğu kimi tərəfli yayım siyasəti ilə məşğuldur və sadəcə iqtidarın təşviqat maşını kimi fəaliyyət göstərir. Eyni vəziyyət dövlət büdcəsindən maliyyələşən “Azərtac” İA və “Azərbaycan” qəzeti üçün də xarakterikdir.

Ölkədə sonuncu lisenziya alan Real TV-nin monitorinqi göstərir ki, ölkədə teleradio yayımının lisenziyalaşmasındakı problem davam edir və lisenziyalaşma siyasi məqsədli istifadə edilir. Bu yayımçı özəl yayımçı olsa da, dövlət büdcəsindən maliyyələşən digər iki yayımçı kimi gerçək media funksionallığından uzaqdır və hədəfi siyasi təbliğatda iştirak etmək, iqtidarın müdafiəçi olmaqdır. Bu monitorinqdə aydın görünür ki, ölkədə milli tezliklərdə yayımlanan elektron resurslar-televiziyalar demokratik cəmiyyətin mediası olmaqdan çox uzaqdır və demokratik dəyərlərin formalaşması istiqamətində fəaliyyət göstərmir. Milli tezliklərdə dövlət lisenziyası ilə yayımlanan ölkə və  regional səviyyəli 24 TV və 16 radioda, sadəcə, İctimai yayım ödənişli əsaslarla efir vaxtı ayırdı. O da elə yüksək qiymət müəyyənləşdirdi ki, 1400 nəfərədək namizədin 2-3 nəfəri istisna olmaqla heç kəs üçün bu qiymətlərdən istifadə çatımlı deyildi və heç kəs istifadə etmədi. Digər 39 TV və radio isə ümumiyyətlə seçki mövzusunu “tabu” olaraq gördü və bu mövzunu birbaşa müzakirədən uzaq durdu.

 Monitorinqlər zamanı sadəcə iki qurumun “Turan” İA və “Meydan” TV-nin media peşəkarlığı baxımından daha diqqətli olduğu müşahidə edilmişdir. 

Monitorinq göstərir ki, media etikası prinsipi kimi unversal dəyərə çevrilən obyektivlik, qərəzsizlik, tərəfsizlik, siyasi rəngarəngliyə hörmət və balanslı olmaq şərtlərini mülkiyyət formasından və maliyyələşmə mənbəyindən asılı olmayaraq monitorinq olunan qurumların əksəriyyəti kobud şəkildə pozub. 

Monitorinqə görə, medianın seçiciləri bilgiləndirmə, maarifləndirmə funksiyaları işləməyib, ölkədə seçkiöncəsi mühit və təşviqat dönəmi tamamilə tək siyasi iradənin təbliğatı və təşviqatına köklənib, seçicilər hakimiyyətin qanunverici qolunun formalaşması kimi mühüm siyasi hadisədən mümkün qədər uzaq tutulub və namizədlərini, onların dünyagörüşünü, platformasını bilmədən, tanımadan seçkiyə gedirlər.