Azərbaycanda ərzaq inflyasiyasının qiymətləndirilməsi - Araşdırma sənədi

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda ərzaq inflyasiyasının qiymətləndirilməsi ilə bağlı sənəd hazırlayıb.

Tədqiqatın ilk bölməsində Azərbaycanda inflyasiya prosesləri araşdırılıb. Bu çərçivədə inflyasiyanın ölçülməsi metodları və son 20 il ərzində ölkədə inflyasiya trendləri tədqiq edilib. Bu sahədəki mövcud vəziyyət  sənəddə infoqrafika və cədvəllər vasitəsilə təsvir edilir. Açıqlanan göstəricilərdən məlum olur ki, hazırda ölkədə qeydə alınan inflyasiya göstəricisi qlobal maliyyə böhranının yaşandığı 2008-ci ildən bəri qeydə alınan ən yüksək göstəricilərdir.

Araşdırmanın ikinci bölməsində Azərbaycanda inflyasiyanı doğuran amillər təhlil edilir. Son dövrlər ölkədə inflyasiya göstəricilərinin yüksək olmasının əsas səbəbləri olaraq aşağıdakılar müəyyən edilib:

  • Pandemiya məhdudiyyətlərinin yaratdığı çətinliklər
  • Daşıma xərclərinin artması
  • İqlim dəyişikliklərinin təsirləri
  • Rusiya-Ukrayna müharibəsi

Tədqiqatın üçüncü bölməsində Azərbaycanda mövcud gömrük sistemi və tətbiq edilən mexanizmlərin qiymət artımlarına təsiri barədə ətraflı məlumat verilir. Eyni zamanda, fiskal və monetar siyasətlə bağlı addımların ölkədə qiymət dəyişikliklərinə təsiri araşdırılır. Araşdırılan rəqəmlərdən aydın olur ki, regionda ən yüksək orta gömrük tarifləri məhz Azərbaycanda tətbiq edilir.

Tədqiqatın dördüncü hissəsində inflyasiyanın hesablanmasının metodoloji problemlərinə toxunulur. Bu bölmədə inflyasiyanın hesablanmasında tәtbiq edilәn ümumi yanaşmalar gözdən keçirilir, Laspeyres, Paşe və Fişer indeksləri və onların hesablanması barədə məlumat verilir. Araşdırmanın nəticəsinə görə, Azərbaycanda inflyasiyanın keyfiyyət göstəricilərinin azalması aşağıdakılarla bağlıdır:

  •  İstehlak səbətindəki əmtəə və xidmətlərin xüsusi çəkilərinin müəyyən edilməsi metodologiyası:
  • İstehlak səbətində olan reprezentativ əmtəə və xidmətlərin sayı.
  • İstehlak səbətində olan reprezentativ əmtəə və xidmətlərin çəkisi.