Davamlı inkişafda ekoloji amillər: Azərbaycanda bərk məişət tullantılarının emalı - Araşdırma sənədi

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda bərk məişət tullantılarının emalı ilə bağlı sənəd hazırlayıb.

Tədqiqatın ilk bölməsində bərk məişət tullantılarının emalının yarada biləcəyi faydalar araşdırılıb. Azərbaycan qanunvericiliyinə əsasən, məişət tullantıları əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar kimi təsnifləşdirilir  Onu da nəzərə almaq lazımdır ki, bəzi məişət tullantıları, məsələn, alüminium qutular, metallar, şüşə və s. yenidən emal və ya bərpa olunma əməliyyatları vasitəsilə enerjiyə çevrilmə və kompostlama sayəsində faydalı şəkildə bərpa olunan xammal mənbəyi də hesab edilə bilər. Lakin, böyük həcmdə bərk məişət tullantısı aşağı xərclər və hazır xammalın olması səbəbilə zibilxanalara atılır. Poliqonda bərk məişət tullantılarının bioloji parçalanan komponentləri karbondan 23 dəfə daha güclü istixana qazı olan metanı buraxır və əhəmiyyətli ekoloji problemlərə səbəb olur. Digər komponentlər havada və səth sularında ciddi çirklənməyə və pis qoxuların ətraf ərazilərə yayılmasına səbəb ola bilər. Bu baxımdan, məişət tullantılarının emal bu problemlərin baş verməsinin qarşısını ala bilər.

Araşdırmanın ikinci bölməsində Azərbaycanın məişət tullantılarının emalı sahəsində indiyədək görülən işlərdən bəhs edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə ölkə üzrə 3778,2 min ton tullantı yaranıb ki, bunun yalnız 41%-i təkrar istifadə edilib və zərərsizləşdirilib. Adambaşına düşən tullantı miqdarı isə 377 kq olub. Yaranmış tullantıların 10 760  tonunu məişət tullantıları təşkil edib ki, bunun da 2 287 tonu yanacaq kimi istifadə edilib, 49 tonu satılıb və yerdə qalan 8 390 tonu poliqonlara atılıb.

Araşdırmanın üçüncü bölməsində məişət tullantılarının emalı ilə bağlı beynəlxalq təcrübə barədə məlumat verilir. Qonşu ölkə olan Türkiyə ərazisində 2020-ci ildə 104.8 milyon ton bərk tullantı formalaşıb. Bunun 53.6%-i satılıb və ya lisenziyalı tullantıların təmizlənməsi qurğularına transfer edilib, 24.2%-i poliqonlara göndərilib, 7,1%-i müəssisə ərazisində saxlanılıb, 7%-i obyekt daxilində emal edilib, 3,2%-i bələdiyyələr və ya sənaye zonaları tərəfindən toplanıb, 1.7%-i yandırılıb, yerdə qalan hissəsi isə meliorasiya materialı kimi istifadə edilmiş və ya digər yollarla məhvedilib. Ümumilikdə qanunvericiliyə əsasən, Türkiyədə şəhər yerlərində tullantıların toplanmasına, daşınmasına, yığılmasına, emalına və məhv edilməsinə bələdiyyələr məsuliyyət daşıyır.

Digər bir qonşu ölkə Gürcüstanda isə bərk tullantıların idarə edilməsi Ətraf Mühitin Qiymətləndirilməsi Məcəlləsi, Özünüidarəetmə Məcəlləsi, Tullantıların İdarə edilməsi Məcəlləsi, Gürcustan Yerli Rüsumlar haqqında Qanunu, Gürcüstan Tullantıların idxalı, ixracı və tranziti haqqında Qanun, həmin qanunların həyata keçirilməsini dəstəkləmək üçün yerlitənzimləmələr və tullantıların toplanması və daşınması da daxil olmaqla yerli orqanların təsis etdiyi vergi qərarlarına əsasən aparılır. Özünüidarəetmə Məcəlləsinin16-cı maddəsinə əsasən, bələdiyyələr öz ərazilərində ictimai yerlərin təmizlənməsinə, bərk tullantıların idarə edilməsinə məsuldurlar.

Sonda tədiqatın əsas nəticələri və Azərbaycanda məişət tullantılarının emalının yaxşılaşdırılnası ilə bağlı təkliflər təqdim edilib. 

Azərbaycanda tullantıların idarə edilməsi sahəsində indiyə qədər görülmüş işlərə və ayrılmış maliyyəyə rəğmən bu sahədə baryerlər hələ də qalmaqdadır. Bunun əsas səbəblərindən biri tullantıların toplanması xidmətinin konkret bir qurumun əlində deyil parçalanmış şəkildə həyata keçirilməsindədir. Bakı şəhəri də daxil olmaqla yerli icra orqanlarının Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentləri tullantıların toplanması və daşınması işini üzərinə götürür. Bələdiyyələr isə faktiki olaraq yerli icra hakimiyyətlərinə tabedirlər və bərk məişət tullantıları xidmətinin göstərilməsində onların iştirakçılığı zəifdir.

Azərbaycanda tullantıların toplanması ərzində onların qeyri- formal şəkildə emal edilməsi də geniş yayılıb. Qırıntılardan ikinci-əl xammalın istehsalı üçün plastik, metal və kağız tullantıların emalı əsasən qeyri-rəsmi şəkildə həyata keçirilir. İkinci dərəcəli materiallardan istehsal haqda isə kifayət qədər statistik məlumat yoxdur. Tullantı alverçiləri və tullantı toplayanlar tərəfindən yığılan metal parçaları əsasən Bakı və Sumqayıtda yerləşən iri dəmir-polad sənayesi tərəfindən emal edilir. Kağız tullantıların emalı əsasən Sumqayıt və Balaxanıda salfet, paket, salafan və s. istehsalı üçün həyata keçirilir. İnkişaf etmiş dövlətlərdə isə metal, plastik və şüşə tullantıların emalı ətraf mühitə daha az zərər verərək tullantılardan daha çox yararlanmaq imkanı verən ən yeni texnologiyalar vasitəsilə həyata keçirirlir. Bu baxımdan, Azərbaycanda da tullantıların email ilə bağlı yeni texnologiyaların tətbiqinə ciddi ehtiyac var.