Ramil Babayev: "Bizə mesaj ötürdülər ki, azadlığa çıxmaq istəyirsinizsə, Akif Qurbanovdan uzaq görüntü verin”

Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev həbsxanadan yazır:

Əziz dostlar, 5 gündür ki, davam etdirdiyim acılıq aksiyasını dayandırdım. Tələblərimdən 2-10 saylı 9 tələb təcridxana rəhbərliyi tərəfindən rasional-hüquqi əsaslandırması olan tələblər hesab olunduğu üçün şərt irəli sürülmədən qəbul edildi. 11 saylı tələbimi isə danışıqlar nəticəsində geri çəkdim və belə hesab etdim ki, bu tələbin ictimailəşməsinin özü cəmiyyəti maraqları baxımından qazancdır. Bu məsələnin araşdırılmasını da baş prokurorluğun olmayan insafına buraxıram. Birinci bəndəki tələbim isə təmin olunmadı.

Aclıqla bağlı tələblərim aşağıdakılar idi:

Hesab edirəm ki, təcridxananın cari idarəetmə modelində təhlükəsizlik və hüquqların təmini arasında tarazlıq qorunmur. İfrat təhlükəsizlik əsaslı idarəetmədən, baza hüquqları əsaslı idarəetməyə keçidin təmin olunması üçün, aşağıdakı tələblərlə bütün növ qidaların qəbulundan imtina etdiyimi diqqətinizə çatdırmaq istəyirəm. 

1. Toplum TV işi üzrə həbs olunmuş şəxslərə qarşı neqativ əsaslı tətbiq olunmuş diskriminativ bölgü ləğv edilsin və bu 9 şəxsin hər birinin eyni təcridxanada saxlanılması üçün müvafiq addımlar atılsın. Başqa qrup işləri üzrə təcrübədə olmayan bu bölgü, həmçinin vəkillərin iş yükünü artırmaqla, yekunda effektiv hüquqi müdafiə ilə təmin olunma hüququmuzun da pozulmasına səbəb olur.

2. Azərbaycan pentensiar müəssisələrində qida təminatı zamanı şəxslərin mədəni ənənələrinin nəzərə alınmaması, beynəlxalq öhdəliklərinə uyğun olaraq keyfiyyətli veqan qidalarla təmin olunmaması və yaxud veqan qidaları hazırlaya bilmək üçün kameralarda yemək qızdırıcısından istifadəyə icazə verilməsi. 

3. Qanunvericilikdə nəzərdə tutulmuş hər bir təqsirləndirilən şəxs üçün 4 kvadratmetr sahə ayrılması tələbi icra olunsun və salınmış əlavə yataqlar kameradan çıxarılsın. Bu tələbi icra etməyin təcridxanadakı normadan artıq sıxlıq səbəbindən mümkün olmayacağı halda 24 saat bağlı saxlanılan nəfəsliklər hava dövr etməsini asanlaşdırmaq üçün növbəlilik qaydasında açılsın.

4. Köşkdə satılan malların şişirdilmiş qiyməti tənzimlənərək orta bazar qiymətinə uyğunlaşdırılsın. 

5. Zəruri ehtiyac mallarının paylanılmasına başlanılsın. Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı icra olunsun.

6. Qadağan olunmuş əşyalar siyahısında olmayan şəxsi əşyaların, məsələn, rəngli qələm, ətir, təsbeh və s. subyektiv meyarlar əsasında təyin olunmuş siyahı üzrə götürülməsi dayandırılsın. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadıqlarının təmin olunması haqqında Azərbaycan Respublikasının qanununda təsbit olunmuş əlyazmaları özündə saxlamaq hüquqi təmin olunsun. 

7. Təcridxanada olan 65 yaşdan yuxarı şəxslərin, azyaşlıların, xəstəliyi olan şəxslərin və digər xüsusi ehtiyaclara malik qrupların, həmçinin beynəlxalq hesabatlarda siyasi məhbus kimi tanınmış insanların dinlənilməyən və ləyəqətli şəraitdə ailə görüşlərinə çıxış imkanı yaradılsın. Nəzarətçilərin telefonun yanında duraraq bütün telefon danışıqlarını dinləmək təcrübəsinə son qoyulsun. 

8. Sovqatlardakı qidaların çoxlu kiçik hissələrə parçalanaraq üyüdülmüş halda çatdırılmasına son verilsin. Şəxslərin üzərlərini, qarın boşluğunu və s. yoxlamaq üçün təcridxanada istifadə olunan rentgen cihazlarından sovqatların tərkibini yoxlamaq üçün də istifadə olunsun.

9. Təcridxana sahələrində tibbi kadrların mövcud olmaması problemi həll edilsin. Bununla yanaşı, axşam və gecə saatlarında halı pisləşən insanlara ilkin tibbi yardım üçün heç bir feldşerin növbətçi qalmaması problemini aradan qaldırmaq istiqamətində addım atılsın. 

10.Təcridxanada günlərlə evə gedə bilməyib stullarda yatmaq məcburiyyətində qalan serjantların pozulan əmək hüquqları bərpa edilsin. Kiçik rütbəli əməkdaşlar arasında ciddi kadr çalışmazlığı problemi həll edilsin. 

11. Yeni istifadəyə verilən bu müəssisənin artıq divarlarının astarının qopması, tikintidə istifadə olunan sementin qum kimi ovulması, elektrik şəbəkəsində istifadə olunan naqillərin layihə sənədində qeyd olunandan daha nazik olması (bu sonuncu faktor təcridxananın keçmiş rəisi siyasi məhbuslardan biri ilə söhbətində etiraf edib), qazanxananın isti su borularının 2 il istifadədən sonra tamamilə sıradan çıxması kimi halların araşdırılması üçün təcridxana rəhbərliyi tərəfindən baş prokorurluğa təcridxana tikintisində istifadə olunan büdcə xərclərinin təyinat üzrə istifadəsinin araşdırılması mövzusunda təqdimat verilsin. 

*

Bununla bağlı bildirmək istəyirəm ki, bizi həbs edənlər BİT-də olarkən bizə vasitəçilərlə bu mesajı ötürmüşdülər: “Azadlığa tez çıxmaq istəyirsinizsə, Akif Qurbanovdan uzaq görüntü verin”. Mən belə hesab edirdim ki, bu Akif Qurbanovu yalnızlaşdırmaq cəhdinə qarşı cavabımız ona dəstəyimizi açıq ifadə etməkdən keçməlidir. Yoldaşlardan bir neçəsi isə bizə verilən mesajı ciddi qəbul etməli olduğumuz mövqeyində idilər. Həmçinin mənim hazırkı acılıq aksiyamın birinci bəndindəki tələbləri sürməyimin arxa planı bu idi ki, “parçala hökm et” strategiyası çərçivəsində atılmış bu repressiv addıma qarşı cavabımız birlik mesajının verilməsini tələb edir. Çünki repressiyanın belə yüksək tona qarşı alnı açıq duruş yalnız birlik görüntüsü sayəsində mümkündür. Yoldaşlardan bir neçəsi isə bu məsələdə hələ qəti mövqeyə ehtiyac olmadığını bildirdilər və bu məni acılığı dayandırmağa vadar etdi. Hökumətin məqsədlərinə xidmət etmək üçün təfərrüatlara varmayacağam. Acılığın ikinci günündə “Mənim məsuliyyətim var. Siz aclıqda olanda mən yemək yeyə bilmərəm” deyərək tələblərin nə olduğuna əhəmiyyət vermədən dəstək üçün acılığa qoşulan Akif Qurbanova təşəkkür edirəm. Həmçinin müxtəlif vasitələrlə vaxt qazanaraq aclığa qoşulmamalarının qarşısını çətinliklə aldığım Ruslan İzzətliyə, Fərid İsmayılova və Əli Zeynala minnətdaram. 

Qəribə səslənə bilər, lakin bir təşəkkürü də Ombudsman aparatına etmək istəyirəm. Mənim Ombudsman aparatını disfunksional və iflic adlandırdığım tarixdən bəri 2 ay əzində ombudsmanla 2 geniş məzmulu görüş keçirmişik. Bu görüşlərdə mənə bildirilib ki, həm BİT-də, həm də Umbakıda etdiyim acılıqların tələblərimin icrası vəziyyətini xüsusi nəzarətdə saxlayıblar. Mənə bir neçə gün əvvəl aclıq dövründə keçirdiyimiz görüşdə bildirdilər ki, cari acılığın xüsusilə kadr məsləsi ilə bağlı olan tələblərinin həlli üçün bir neçə aydır paralel gündəlikləri üzgə iş aparırlar və bu tələblərimin icrasını sürətləndirmək üçün əllərindəki bütün hüquqi alətlərdən istifadə edəcəklər.

Məndə yaranan təəssürat, Ombudsmanın son aylarda ən qapalı müəssisələr olan penitensiar müəssisələrdə qeyri-siyasi mövzularda real adımlar atmağa başladığıdır və sonda ilkin qənaətim kimi bunu bildirmək istəyirəm ki, Umbaku penitensiar müəssisəsində mədəni rəftar, qeyri-siyasi mövzularda və digər meyarlar üzrə vəziyyət ideal olmasa da, BİT ilə müqayisədə olduqca müsbətdir.