Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı (IDI) Əli Zeynalın məhkəmədəki son sözü:
Son sözü bəzilərimiz xalqa müraciət formasında edir. Bəzilərimiz övladına açıq məktub formasında. Bəlkə bəzilərimiz doğulmamış övladına, bəlkə heç doğulmayacaq övladına, kimisi gələcəyə, gənc nəslə ünvanlanmış çağırış formasındadır. Mən də çox düşündüm ki, görəsən bəs mən kimə yazım. Ən birincisi, doğmalarıma, yaxınlarıma, dostlarıma ünvanlasaydım, düşünürəm ki, həm çox şəxsi, həm də dramatik, bəlkə də tragedik olardı. Oxuyan, dinləyən, heç kəsi kövrəltməmək üçün, dedim ki, qoy biraz şənləndirici olsun. Oxuyanların, dinləyənlərin üzündə təbəssüm oyandırsın. Nəhayət bir nəfərə ünvanlamağı qərar aldım.
Eh, bu açıq məktubu elə bir insana ünvanlayıram ki, o mənim qədrimi heç vaxt bilməyib. Yəqin ki, elə sona qədər də bilməyəcək. O, mənim barəmdə yəqin ki, ancaq neqativ şeylər düşünür. Ən pis şeylər nələrdirsə, elə onları arzulayır. Amma mən isə heç kimə olmadığı kimi, ona da pis heç bir şey arzulamıram. Hətta bu məktubu elə həssaslıqla, diqqətlə yazıram, hazırlayıram ki, heç kimin qəlbinə dəyməyim. Hətta özünün də xoşuna gəlsin. Nə vaxtsa, oxuyub edəsi olsa, üzü gülsün, gülümsəsin və əhvalını qaldırdığım üçün “sağol” desin.
Ümumiyyətlə, pozitivə köklənsin. Neqativdən uzaq dursun. Beləliklə, cənab, zati aliləri, möhtərəm, mötəbər, müzəffər ordumuzun ali baş komandanı, yox, dəmir yumruğu unutdum. Cənab, zati aliləri, möhtərəm, mötəbər, müzəffər ordumuzun dəmir yumruqlu ali baş komandanı, aydaa... İndi də mənim favoritim olan “Şuşanın fatehi” ləqəbini unutdum. Nəysə, hər yaltaq özündən bir ləqəb, titul uydurur deyə, siyahı çox uzanır deyə bir-iki dənəsini də buraxmışam. İndi yadıma düşdü: Dəyərli, hörmətli, məlahətli, sədaqətli, qayğıkeş və s. Mən elə qısaca “priz”dentim deyəcəm. Şifahi olaraq deyilişdə tam aydın hiss olunmur. Amma əsli bu cürdür. “Priz”dent. “Priz” dırnaq içərisində. “Priz” rus dilində hədiyyə-mükafat mənalarında istifadə olunur. Bəlkə bəzilərimiz bilmir, amma “priz”dentim özü də “ruski yazıçnı” olduğu üçün o rahat başa düşəcək. Sözün həqiqi mənasında bu adam mənim bu ana qədərki həyatımda ən böyük “prizdir” (ən böyük və ən arzuolunmaz - amma nəysə də dedik ki, neqativə köklənməyək. Ancaq pozitiv).
Oydaaa! Ümumiyyətlə, bir insanın həyatındakı ən böyük hədiyə niyə İlham Əliyev olsun ki? Yüz faiz əminəm ki, məni tanımayan hər hansı bir insan mənimlə bağlı bu faktı eşitsə, mənim barəmdə çox da yaxşı şey fikirləşməz. Daha doğrusu, mənim barəmdə yox. Mənim həyatım barəsində heç də yaxşı şeylər düşünməz. İlham Əliyev ilk dəfə prezident “seçiləndə” mənim cəmi 7 yaşım var idi. İndi 30 yaşım var. “Priz”dentim hələ də elə eyni adamdır. Aralıqsız, fasiləsiz. Bax, həyatımla bağlı bu faktı eşidən insan isə artıq mən və ya mənim həyatım barədə yox, bu səfər artıq bu hadisənin baş verdiyi bütövlükdə ölkə və onun əhalisi barəsində heç də yaxşı şeylər fikirləşməyəcək. Yəni, mənim ölkəmin Azərbaycan olduğunu bilsə, bütövlükdə Azərbaycan və Azərbaycanlılar barəsində. Heyif!
Üzr istəyirəm. “Priz”dentim və onun hökuməti demiş, “yenə ölkəmi və xalqımı pis təmsil etdim”. Adına söz gətirdim. Kaş heç buralı olmazdım, amma sevimli “priz”dentimə də, ölkəmə və xalqıma da mənə görə mənim ucbatımdan söz gəlməzdi. Hörmətli “priz”dentim, bax özün də görürsən ki, mən sənin qorxduğun, düşündüyün qədər pis insan deyiləm. Bax nədir səni məndən alıb verə bilmədiyin? Tək məndən də yox, əsasən gənc nəsildən, cavanlardan, yaşıdlarımdan. Nə istəyirsən məndən, bizdən? Niyə imkan vermirsən yaşayaq? Bax, mənim indi oturub “priz”dentə məktub yazan vaxtımdır? “Xalxın” ölkəsində insanlar heç prezidentlərin adını bilmirlər. Sən mənə tutdurmamışdan öncə Almanya'da çəkilmiş bir küçə sorğusuna baxmışdım. Gənclərin çoxu ölkə prezidentini heç tanımırdı. Biz amma bütün gün burada “didişirik”. Jurnalistəm deyəndə tutdurub salımsan içəri, nə var, nə var, sənin istədiyin kimi sənə təriflər yağdıran jurnalist olmadım deyə, bəyəndiyin, mükafatlandırdığın Azərbaycandakı əksər jurnalistlərdən də biri olmadım deyə, özünə və peşəsinə hörmət etməyən jurnalistlərdən, insanlardan biri olmadım, o çirkli, iyrənc, amma rahat və asan olan yolu seçmədim deyə, bağışla məni sevimli “priz”dentim, sənin istədiyin kimi biri olmadım deyə, həyatı, tərbiyəni, peşəni təmiz, ləyəqətli, şərəfli, əxlaqlı insanlardan öyrəndim deyə, hansı ki, bir çoxu indi sənin bəyəndiyin jurnalistlər kimi sənin hədiyə vediyin evlərdə yox (hansı ki, buna rüşvət deyirik) sənin tikdirdiyin türmələrdə qalırlar. Məni də onlardan ayırmadığın üçün, kimlərdən olduğumu cümlə aləmə göstərdiyin üçün sənə minnətdaram.
Çox sağol, hörmətli “priz”dentim, üzərimdə çox danılmaz əməyim var. Şərləyərək tutdurdun, 15 il həbs cəzası istədin, indi hələlik mənə məlum deyil, sonda 20 il verəcəksən ya ömürlük, bəlkə ölüm cəzası. Bir neçə dəfə etmişliyim var çünki, mənim üçün fərq etmir, sənin əlindədir, hansını istəyirsən ver. “Slujba-slujba, drujba-drujba”, mən həyatı seçimimi edəndə, həyatımı seçəndə bunları bilirdim və gözə almışdım ki, nəticədə bu həyatı, bu təmiz yolu seçdim, əzab əziyyətlərini bilə-bilə. Bu təmiz yol haqq, həqiqət yoludur və təəssüf ki, bizim ölkəmiz kimi ölkələrdə bu təmiz həqiqət yolu bu cür çikli və həqiqətdən əsər-əlamət olmayan sənin qurduğun belə bir məhkəmədən də keçir. “Əsər-əlamət olmayan” demişkən, bu məhkəmədən, bu cür məhkəmə şoularından əlavə olaraq, bir də adını “Əsrin məhkəməsi” qoyduğun bir məhkəmə daha var. O “Əsrin məhkəməsi”, bunlar da “yesir məhkəmələr” və ya “əsir-yesir olmuş məhkəmələr”.
Mənim üçün maraqlı qalan bir məqam var. Haqqına danışaq, “pis-yaxşı” işləyən xarici siyasətin var. Əldə etmək istədiklərini ala bilirsən. Daha doğrusu isə “ala bilirdin”. Bu “Əsrin məhkəməsi” layihənə və ya fantaziyana kimi. Doğrudur o məhkəmə ilə bu məhkəmələr arasında yerlə göy qədər fərqlər var, bunu ikimiz də bilirik və görürük. Heç təkcə biz də yox, bir çoxları. Amma o məhkəmələrlə bu məhkəmələrini birləşdirən ortaq və ən vacib olan bir şey var ki, onu gözardı etməyin və ya edə bilməyinin səbəbi çox maraqlıdır. Sifarişlə işləyən məhkəmə, hüquq sistemi, daha doğrusu – sistemin. Məhkəmələrinin sifarişlə işlədiyi hər kəsə məlumdur. Bu, müzakirə mövzusu deyil. Hətta mən daha doğrusu və daha da acı bir həqiqəti deyim. Məhkəmələrin “sifarişsiz” işləmir. Bəs sən bu ideyanı deyəndə, bu fantaziyadan danışanda “niujeli” yanındakılardan bir nəfər ağıllısı, durub demədi ki, “ay cənab prezident, bu alınmaz”. İkincisi mümkün deyil, mümkünatı yoxdur ki, beynəlxalq hüquq, aləm bu məhkəmə qərarını tanısın, qəbul etsin ki, doğrudan da cinayətkarların törətdikləri cinayətləri məhkəmə tərəfindən sübuta yetirildi, tam şəffaf formada və ictimaiyyətə nümayiş etdirildi.
Bəli, məhkəmə düzgün höküm çıxarıb, özünü bunun göz ardına vurmağını, ciddiyə almamağın, qəbulanmamağını bəlkə başa düşərəm. Çox çətin görünən bir işi bacarırsan, eyforiyaya qapılmısan, həvəslənmisən ki, bu işi daha da böyüdəsən, “şanın yürüsün”. Bəs yanındakılar hissəsi, məsləhətçilərin, köməkçilərin, məni maraqlandıran, hətta qorxudan məsələ bu məqamdır. “Niujeli” məsləhətçilərin, köməkçilərin arasında bir nəfər belə olsa deyə bilmir ki, sən dəqiqədə bir jurnalisti, aktivisti, siyasətçini, etirazçını şərləyərək həbs edib haqqında sifarişlə məhkəmə hökmü çıxardığında, sabah sən həqiqi cinayətkarı da həbs edəndə haqqında hökm çıxarında buna heç kim inanmayacaq. Azərbaycanın məhkəmə hüquq sistemini elə bir hala salmısan ki, mən hətta əminəm ki, Araik Arutunyanın, Balayanın, Qukasyanın, Saakyanın, Vardanyanın cinayətkar olduqlarına inanan insanların belə bəziləri sənin qurduğun məhkəmə onlara cinayətkar çıxardıqdan sonra çaşqınlıq yaşayırlar ki, “ala İlham Əliyev də bunlara cinayətkar deyir, bəlkə elə bunlar da şərləyərək həbs edilmiş təmiz günahsız insanlardır?”. Həm gülməlidir, həm də ağlamalı. Gülməli tərəfindən gedək də, danışmışdıq axı ki, ancaq pozitivə köklənəcəyik. Gülməli tərəf odur ki, bu reallığı dərk edən ağıllı birisinin sənin məsləhətçilərin, köməkçilərin arasında olmamasıdır. Belə ağıllı birinin olub, amma bunu dillə gətirməyə cəsarət edə bilməməsi isə işin o biri tərəfidir, ağlamalı tərəfi olduğuna görə bu söhbəti bağlayıram. Pozitivə köklənək.
Əslində, Hikmət Hacıyevin prezident köməkçisi məsləhətçi olması elə bəzi şeylərdən xəbər verir, amma rəisə, haqlarında hökm çıxarmayan jurnalistlərə “qaçaqmalçı, maliyyə fırıldaqçıları” deyərək insanları “təqsirsizlik prezumpsiyasını” pozan birisi prezidentə hansı mövzuda kömək edir, hansı məsələdə məsləhət verir? Məncə dövlətçiliyimizin təhlükəsizliyi naminə bu sualı diqqətdə saxlamaqda fayda var.
“Gənc kadr, gənc kadr” - deyə deyə Hikmət Haciyevin vəzifəyə gətirilməsində, əgər 0.1% belə rol oynamışıqsa, onda bütün bunlar o yazıq Ramiz Mehdiyevin ahıdır, bizi tutub. Gənc kadr demişkən, cənab “priz”dent, yaxın dostunuz Mirşahin tez-tez efirdə sizin dediyiniz “mənim prezidentliyim dövründə doğulan gənclər” videosunu nümayiş etdirir. O gənclərlə bağlı da bəzi gerçəkləri çatdırmaq istəyirdim. Cənab “priz”dent, köməkçiləriniz bunları sizə deyən deyil. Köməkçiniz olmasam da bunları deməklə həm sizə, həm də həmin o gənclərə köməklik etmək istərdim. Cənab “priz”dent, gənclərin gəncliyi görün necə keçdi, nələrdən keçdilər. Bir il ərzində iki devalvasiya, yoxsulluq, kasıblıq, müharibə, hələ də davam etməkdə olan, artıq 6-cı ilinə girmiş olan karantin rejimi, sərhədləri qapalı ölkə, gənclərə və jurnalistlərə qapalı prezident, qapalı qapılar arxasında verilən şərlənərək həbs-sifarişləri, işsizlik, yoxdur işləri-gücləri. Yəni, cənab “priz”dentim, başqa sözlə desək, sizin prezidentliğiniz dövründə doğulanlar doğulmadılar, soxuldular bataqlığa, sizin prezidentliyiniz dövründə yaratdığınız bataqlığa və soxulduqları bu bataqlıqda boğuldular. Bir hissəsi isə boğulub, qurtarmayıb, hələ boğulmaqda davam edirlər. Sizin davam edən prezidentliyinizin dönəmi kimi, getdikcə artmağa, güclənməyə davam edən repressiyalarımız kimi. Bu arada, indi bunu yazarkən fərqinə vardım, aydınlandım. Cənab “priz”dentim, mən də Heydər Əliyevin prezidentliyi dövründə doğulan gəncmişəm, seçilmiş insan kimi tarixə düşə bilərəm. Hətta bu gedişlə Heydər Əliyevin prezidentliyi dövründə doğulmuş, İlham Əliyevin prezidentliyi dövründə yaşamış və ya türmədə yaşamış, Heydər Əliyevin prezidentliyi dövründə... Təzədən ən başa qayıtdım deyəsən, bir dəqiqə, yox, yoxladım, hər şey düz yazmışam. Əgər tarixi təkrardan ibarətdirsə, tarix təkrarlanırsa. Onda növbəti Heydər Əliyevin prezidentliyi dövründə görüşəcəyik deyəsən. Belə baxıram, nəsə elə görüşənə oxşayırıq, elə ona doğru gedirik. Gedək, görək bu dövrdə başımıza nə gəlir.
Sağ olun, sağlıqla qalın. Oxuduğunuz dinlədiyiniz üçün minnətdarım. Özünüzə yaxşı baxın.
Əli Zeynal - demokratiya və ifadə azadlığına xidmət edirəm.
