Əlilliyi olan Şəxslərin Cəmiyyətə İnteqrasiyası: Çətinliklər və Gözlənilməli olan Kriteriyalarına dair Tədqiqat

Demokratik Təşəbbüslər İnstitutunun “Gənc Sosial Tədqiqatçılar Məktəbinin” məzunu “Əlilliyi olan Şəxslərin Cəmiyyətə İnteqrasiyası: Çətinliklər və Gözlənilməli olan Kriteriyalar”a dair tədqiqat hazırlayıb.

Araşdırmanın məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasındakı çətinliklər və gözlənilməli olan kriteriyaları araşdırmaq, maddi durumlarının onların cəmiyyətə inteqrasiyasına olan təsirini müəyyən etməkdir. 

Araşdırma əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün gözlənilməli olan standardları, beynəlxalq qurumların bu sahədə apardığı araşdırmaları və Bakıda yaşayan 39 əlilliyi olan şəxs ilə aparılmış onlayn sorğunun nəticələrini əhatə edir. 

Belə ki, bu tədqiqat işi zamanı toplanan məlumatlar bir neçə üsulla əldə edilib. Tədqiqat sualına cavab vermək məqsədilə, Bakıda yaşayan Əlilliyi Olan Şəxslər (ƏOŞ) arasında onlayn sorğu həyata keçirilib. Sorğu nəticəsində 39 respondentin cavabları toplanıb, analiz edilib. Həmçinin yenə eyni məqsədlə ikinci əl məlumatlar əldə edilib. İkinci əl məlumatlar ƏOŞ-ların cəmiyyətə inteqrasiyası üçün gözlənilməli olan standart və normaların təfsilatlı təhlilini, toplanmış birinci əl məlumat isə lokal şəraitdə, Bakı şəhərində bu cür inteqrasiyanın iqtisadi tərəfləri və maddi vəziyyətlə bağlılığının analizində istifadə olunub.

39 nəfər arasında keçirilən sorğuda aşağıdakı məqamlar diqqəti cəlb edir:

Respondentlər sosial həyatda iştirak zamanı ayrı-seçkiliyə məruz qalıb-qalmadıqlarını dəyərləndirdikləri zaman isə 73.6 %-i ayrı-seçkiliyə məruz qaldığını bildirib.

Respondentlərin öz sosial çevrələri ilə münasibətlərinin təhlili üçün alınmış cavablara baxarkən aşağıdakı mənzərə ortaya çıxır. Respondentlərin yarısından çoxu – 56.7 %-i ən yaxşı halda ayda bir dəfə öz sosial çevrələrində iştirak edə bilir, 8.1 %-i isə ümumiyyətlə, sosial çevrədən təcrid olunduğunu bildirir.  Əlilliyi olan şəxslərin əksəriyyəti ictimai iştirakına mane olan amil kimi isə infrasturukturu göstərib. (53,8%)

Sorğu nəticələri göstərir ki, respondentlərin böyük hissəsinin (41,0%) gəlir səviyyəsi nəqliyyat seçiminə yüksək səviyyədə təsir göstərir, 35,9 % respondent isə gəlir səviyyəsindən asılı olaraq nəqliyyat seçimini qismən dəyişdiyini bildirib. Respondentlərdən 19 nəfər (50,0%) “taksi”, 11 nəfər(28,9%) “avtobus”, 5 nəfər(13,2%) “şəxsi maşın”, 3 nəfər (7.9%) “metro”dan istifadə etdiyini qeyd edib.

“Nə üçün qeyd etdiyiniz nəqliyyat vasitəsindən daha çox istifadə edirsiniz?” sualında respondentlərə bir neçə cavab seçmək imkanı verilib və 38,4% ictimai nəqliyyatın əlçatan olmamasını, 46,1% qeyd etdiyi nəqliyyat vasitəsinin daha rahat olduğunu vurğulayıb. Bu statistikadan görünür ki, respondentlərin ictimai nəqliyyat seçimləri ilə ictimai nəqliyyatın əlçatanlığı faktoru arasında kauzasiya (səbəb) əlaqəsi mövcuddur. Belə ki, ictimai nəqliyyatın ƏOŞ-lara uyğunsuzluğu onların daha bahalı nəqliyyat növündən istifadə etməsinə zəmin yarada bilər.

Əldə olunan nəticələrlə müəyyən edilmişdir ki, Azərbaycanda yaşayan əlilliyi olan şəxslər infrastruktur problemləri səbəbilə daha bahalı nəqliyyatdan istifadə etmək məcburiyyətindədirlər ki, bu da onların ictimai iştirakçılığına mənfi təsir göstərə bilər. 

Ətraflı məlumat üçün tədqiqat işi ilə yaxından tanış ola bilərsiniz.